Uşaq və yeniyetmələr üçün festival təşkil olunacaq
“Azərbaycan Uşaqları” İctmai Birliyi “Yeni nəsil qızlar: təhsildə və həyatda uğura doğru” layihəsinin icrasını davam etdirir. 2025-ci il iyulun 1-6 tarixlərində Bakıda yaşayan və xüsusi qayğıya ehtiyacı olan yeniyetmə qızlarla, iyulun 9-14 tarixlərində Naxçıvan Muxtar Respublikasında Naxçıvan Qızlar Liseyi müdavimləri, iyulun 15-20 tarixlərində isə Ordubad şəhər tam orta internat məktəbi şagirdləri arasında motivasiya təlimləri və “art-terapiya” kursları təşkil edilib.İctimai Birliyin sədri Kəmalə Ağazadə bildirib ki, layihənin məqsədi erkən nikah, məişət zorakılığı və təhsildən yayınma problemlərinin həllinə töhfə verməkdir. Təlimlərdə müxtəlif oyunlar, nəzəri və praktiki tapşırıqlar yerinə yetirilib, filmlər izlənib, müzakirələr aparılıb. “Art terapiya” kurslarında isə saplarla işləmə, taxta və şüşə üzərində işləmə, daş və gips fiqurlarında rəngləmə, muncuqlardan formalar hazırlama həyata keçirilib.
Ümumilikdə təlim və kurslarda 60 yeniyetmə qız iştirak edib.
Layihə çərçivəsində, həmçinin “7 uğurlu gözəl” adlı videoçarx və 15 sentyabr bilik gününə həsr olunan “Özgə uşağı olmur” devizi altında uşaq və yeniyetmələr üçün festivalın təşkili nəzərdə tutulub.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.










